Almaniya kinematoqrafı — Almaniya mədəniyyətinin və dünya kinosunun vacib bir hissəsi. Almaniyada istehsal olunan filmlərdən ibarətdir. Dünyada kinematoqrafiyanın yaranmasının rəsmi tarixindən iki ay əvvəl, 1895-ci il noyabrın 1-də ixtiraçılar Emil və Maks Skladanovskilər Berlinin “Vinter qarten” müzik-hollunun binasında özlərinin hazırladığı proyeksiya aparatı (bioskop) vasitəsilə qısametrajlı filmlər nümayiş etdirdilər.[1] 1896-cı ildə Oskar Messter Almaniyda qısametrajlı sənədli və bədii filmlər istehsal edən ilk studiya açdı. Sonradan “Messter Film” və “Deutsche Bioskop” (hər ikisi 1897), “Münxener Kunstfilm” (1907), “Union” (1910) və başqa kinofirmalar fəaliyyət göstərirdi. 1910-cu illərdə görkəmli dramaturqlar A.Şnitsler, Q. Hauptman, Q.Zuderman və başqa kinematoqrafiya işində yaxından iştirak etməklə bu sahənin çiçəklənmə dövrü başladı. Bir çox tanınmış teatr aktyorları P.Vegener, A.Basserman, M.Pallenberq və s. kinematoqrafa gəldi. “Mavi siçan” (1912, rej. M.Mak), “Praqalı tələbə” (1913, rejisorlar S.Rie və Vegener) və s. bu dövrün ən əhəmiyyətli filmləri sırasındadır.